İDMAN
Daha bir taekvondoçumuz qızıl medal uğrunda mübarizə aparacaq [YENİLƏNİB] VİDEO
Taekvondonun 67 kiloqramdan aşağı çəki dərəcəsində qadınların bürünc medal yarışları başlayıb. Türkiyəli Nur Tatar Fransa idmançısı Habu Niareni 8:7 hesabı ilə məğlub edərək ilk bürünc medala sahib çıxıb. Digər bürünc medalı isə isveçli idmançı Elin Yohansson ukraynalı Tatyana Tetereviatnikovanı qızıl xalla məğlub edərək qazanıb.
Kişilər arasında taekvondo üzrə -80 kiloqram çəki dərəcəsində ilk bürünc medalı Böyük Britaniya idmançısı Lutalo Muhammad qazanıb. O, rəqibi italiyalı Roberto Bottanı 12:7 hesabla məğlub edib.
Bürünc medalın digər sahibi isə norveçli Riçard Ordemanı qızıl xalla məğlub edən portuqaliyalı Julio Ferreira olub.
18:11
Kişilərin yarışının digər yarımfinal qarşılaşmasında isə rusiyalı idmançısı Albert Qaun (-80 kq) italiyalı Roberto Bottaya qızıl xalla 6:5 qalib gələrək finala yüksəlib. Albert Qaun qızıl medal uğrunda mübarizədə Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani ilə qarşılaşacaq.
Yarışın qadınlar arasındakı yarımfinalında rusiyalı Anastasiya Baruşnikova (-67 kq) Fransa idmançısı Habu Niareni 11:3 hesabı ilə məğlub edib. Beləliklə də Azərbaycan taekvondoçusu Fəridə Əzizovanın finaldakı rəqibi rusiyalı idmançı olub.
17:27
Yarışda kişilər arasında 80 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani yarımfinalda 2014-cü il Avropa çempionatının qalibi (74 kq) portuqaliyalı Julio Ferreiranı 6:2 hesabı ilə məğlubiyyətə uğradaraq finala adlayıb.
17:17
Azərbaycan taekvondoçusu Fəridə Əzizova final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə qadınların 67 kiloqram çəki dərəcəsindəki yarışının yarımfinalında Azərbaycan idmançısı, dünya çempionatının mükafatçısı Fəridə Əzizova isveçli Elin Yohansson ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn idmançımız finala adlayıb.
17:08
Kişilərin yarışında mübarizə aparan Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani (-80 kq) dörddəbir final mərhələsində “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı böyük britaniyalı Lutalo Muhammad ilə qarşılaşıb və rəqibini böyük hesabla məğlub edib – 17:5.
15:55
Qadınların yarışında Azərbaycan taekvondoçusu, dünya çempionatının mükafatçısı Fəridə Əzizova (-67 kq) türkiyəli rəqibinə 6:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə isveçli idmançı Elin Yohansson ilə üz-üzə gələcək.
11:09
Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani (-80 kq) ilk görüşünü 12:0 hesabı ilə başa vuraraq dörddəbir final mərhələsinə adlayıb.
Serbiyalı Damir Fejzici məğlub edən taekvondoçumuzu növbəti mərhələdə çətin döyüş gözləyir. O, dörddəbir finalda “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı Böyük Britaniyalı Lutalo Muhammad ilə qarşılaşacaq.
10:50
Qadınların yarışında ilk görüşdə Avropa çempionatının bürünc medalçısı, hollandiyalı Joyce van Baaren ilə qarşılaşan Azərbaycan taekvondoçusu, dünya çempionatının bürünc mükafatçısı Fəridə Əzizova (-67 kq) rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.
10:37
“Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də dayanq üzərində qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan aşağı çəki dərəcələrində taekvondoçular qüvvələrini sınayacaqlar.
Taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzic, Fəridə Əzizova isə hollandiyalı Joyce van Baaren ilə görüşəcək.
Xatırladaq ki, ötən gün kişilər arasında taekvondo yarışının 68 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı Ayxan Tağızadə birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.