İDMAN
Daha dörd futbolçu “Sportinq” klubunu tərk edib
Bakı, 12 iyun, AZƏRTAC
Portuqaliyanın “Sportinq” klubunda ötən mövsüm baş verən xoşagəlməz hadisələrin ardından daha dörd futbolçu komandanın düşərgəsini tərk edib.
AZƏRTAC xəbər verir ki, qapıçı Rui Patrisio və Daniel Podensedən sonra Vilyam Karvalyo, Celson Martinş, Bruno Fernandeş və Bas Dost müqaviləni birtərəfli qaydada pozublar. Daha öncə baş məşqçi Jorje Jezuş da “Sportinq”i tərk etmişdi.
Qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin “Vulverxempton”a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliya klubunun prezidenti geridə qalan mövsümdə komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, “Sportinq”in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahlandırmışdı. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəsilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.
Son xoşagəlməz hadisə isə mayda yaşanmışdı. Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri sayılan Bas Dost xəsarət almışdı.