DÜNYA
Daha iki ölkə “Boeing-737” təyyarələrinin uçuşlarını dayandırıb
Bakı, 12 mart, AZƏRTAC
Çin, Efiopiya və İndoneziyadan sonra Sinqapur və Avstraliya da sərəncamlarında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarının dayandırılması barədə qərar qəbul ediblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Sinqapurun Asiyanı Avropa və Amerika ilə birləşdirən və dünyanın altıncı ən böyük hava limanı olan “Çangi” aeroportundan bu model təyyarələrin uçuşunun bir müddət dayandırıldığı bildirilib. Avstraliyanın Mülki Aviasiya Təhlükəsizliyi İdarəsinin nümayəndəsi Şeyn Karmodi isə təhlükəsizlik məsələləri tamamilə həll olunana qədər “Boeing-737 MAX 8”in uçuşlara buraxılmayacağını deyib.
Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.