İQTİSADİYYAT
Daha üç könüllü gənc KOBİA-da işlə təmin edilib
Bakı, 12 mart, AZƏRTAC
“Könüllülər ili”ndə daha 3 könüllü gənc Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “KOB könüllüsü” olmuş gənclər təhsillərinə, eləcə də könüllülük müddətində qazandıqları təcrübəyə uyğun olaraq agentliyin innovasiya, tədris, konsaltinq, hüquq, maliyyə və təchizat departamentlərində əmək fəaliyyətinə başlayıblar.
Hazırda KOBİA-da ümumilikdə 40 gənc könüllü kimi çalışır ki, onlardan 12-si agentliyin baş ofisində, 28-i isə ölkənin 20 şəhər və rayonundakı “KOB Dostu” ofislərində könüllü fəaliyyətinə cəlb olunublar. “KOB könüllüləri” bu ilin fevralında açılmış və sahibkarlara 300-dək dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda təqdim edildiyi Xaçmaz “KOB evi”ndə də fəaliyyət göstərirlər.
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” proqramı həyata keçirilir. İndiyədək 150-dək gənc bu proqrama qoşularaq KOBİA-da və onun regional bölmələrində könüllü olaraq fəaliyyət göstərib. Proqrama qoşulmaq və agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın “www.smb.gov.az” saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.