REGİONLAR


Dahi bəstəkar Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalan evi VİDEO

Şuşa, 10 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, qədim yaşayış binaları talan edilib, dağıdılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində erməni vandalizminə məruz qalan tikililərdən biri dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyliyə məxsus XIX əsrə aid ikimərtəbəli evdir. Ev 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə ev-muzeyi olaraq fəaliyyətə başlayıb. Muzeyin birinci otağında Üzeyir Hacıbəylinin həyatının ilk illərinə aid materiallar - tələbəlik dövrünə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin fotoşəkilləri sərgilənirdi. Muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar, ilk əsərlərinin əlyazmaları qorunurdu. İkinci, üçüncü və dördüncü otaqlarda bəstəkarın sovet dövrünə aid olan fəaliyyətini əhatə edən eksponatlar sərgilənirdi. İkinci otaqda, həmçinin bəstəkarın heykəli də qoyulmuşdu. İşğaldan əvvəl muzeyin 1700-ə yaxın eksponatı olub. İşğal zamanı Üzeyir Hacıbəyliyə aid edilən yalnız 136 şəxsi əşyası Bakıda fəaliyyət göstərən ev muzeyinə gətirilib.

1992-ci ilin mayın 8-də Şuşa şəhəri Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ev muzeyi və burada toplanmış min altı yüzə yaxın eksponat işğalçılar tərəfindən məhv edilib.

Hazırda dövlətimiz tərəfindən Şuşa şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Erməni vandalizminə məruz qalmış abidələr, tarixi tikililər bərpa edilir. Tezliklə Üzeyir Hacıbəylinin evinin də bərpasına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.