CƏMİYYƏT


Dahi lider Heydər Əliyevin uğurlu siyasəti ölkəmizə sabitlik, sülh və əmin-amanlıq gətirdi

Bakı, 10 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin uğurlu siyasəti dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Ulu Öndərin hakimiyyəti illərində atəşkəsə nail olundu, iqtisadiyyatımız dirçəldi, Azərbaycan tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Müdrik siyasətçi respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.

Ümummilli Liderin uzaqgörən siyasətinin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığı, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq cəmiyyətin bütün sahələrində, o cümlədən insanların rifahı, sağlamlığı və qida təhlükəsizliyinin təmin olunması istiqamətində böyük canlanma yarandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib.

Daha sonra agentliyin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. Görkəmli dövlət xadiminin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.