ELM VƏ TƏHSİL
Dahi liderə həsr olunan videokonfrans
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans təşkil olunub. Videokonfrans Bakı şəhəri 50 nömrəli tam orta məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, konfrans Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəb direktorları Sədaqət Həsənova və Zamin Həziyev Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildiriblər.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığını bildirib.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müasir, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.