ELM VƏ TƏHSİL
Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider, dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib. Müasir müstəqil Azərbaycanda qazanılan uğurlar Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir.
Bu fikirləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov AZƏRTAC-a müsahibəsində deyib.
Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışan Ç.Bayramov bildirib ki, Ümummilli Lider elmə, təhsilə, mədəniyyətə həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bu gün tərəqqi edən ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar sonsuz sevinc və qürur hissləri doğurur.
Ulu öndər Heydər Əliyevin bütün həyatını, fəaliyyətini doğma Azərbaycana həsr etdiyini söyləyən Ç.Bayramov vurğulayıb ki, Ümummilli Liderin tariximizdə xidmətləri, böyük xilaskarlıq rolu misilsizdir. Biz fəxr edirik ki, dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli Liderimiz var. Ulu Öndərin əziz xatirəsi ürəklərdə zaman-zaman yaşayacaq.