CƏMİYYƏT
Dahi siyasi xadim Heydər Əliyev Azərbaycanın və Gürcüstanın inkişafını daim diqqət mərkəzində saxlayıb
Tbilisi, 11 may, AZƏRTAC
Marneulidə Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzində (GAİM) ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, GAİM-in təşkilatçılığı ilə keçən tədbirdə ziyalılar, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər.
GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından söz açıb. Dahi şəxsiyyətin Gürcüstanda da sevildiyini vurğulayıb.
Sonra professor Mahmud Kamaloğlu məruzə ilə çıxış edib, Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrləri barədə məlumat verib.
Bildirib ki, Heydər Əliyev təkcə sovetlər dövründə deyil, müstəqillik illərində də Azərbaycanın və Gürcüstanın inkişafını diqqət mərkəzində saxlayıb. Bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri buna əyani sübutdur.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Ulu Öndərin rolunu xüsusi qeyd edib.
Onun sözlərinə görə, məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində münasibətlərimiz bütün sahələrdə uğurla inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Tədbirdə ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
Məktəb şagirdləri Heydər Əliyevə, Vətənə, Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi