MƏDƏNİYYƏT


Dahilər bütün dünyaya məxsusdur
Azərbaycan Yazıçılar Birliyində M.Y.Lermontovun 200 illiyinə həsr olunmuş poeziya və nəsr almanaxının təqdimatı olub

Bakı, 22 oktyabr, Ayişə Axundova, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında böyük rus şairi M.Y.Lermontovun 200 illiyinə həsr olunmuş “Qafqaz dağları, mən sizə yad deyiləm” adlı poeziya və nəsr almanaxının təqdimat mərasimi keçirilib. Nəfis tərtib olunmuş bu almanax “Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi respublika cəmiyyətinin və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Mütərcim” nəşriyyatında çapdan çixib. Təqdimat mərasimində Yazıçılar Birliyinin üzvləri – Azərbaycanın tanınmış ədibləri və şairləri, habelə həvəskar şairlər, böyük şairin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Tədbirdə çıxış edən “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova, kitabın tərtibçilərindən biri, redaktoru və müqəddimənin müəllifi, “Liternaturnı Azerbaydjan” jurnalının poeziya şöbəsinin müdiri, tanınmış şair Alina Talıbova, “Azərnəşr” Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Qladkov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, şair Çingiz Əlioğlu, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Solmaz İbrahimova, şair-tərcüməçi Siyavuş Məmmədzadə, peşəkar lermontovşünas Lyudmila Səmədova, 160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova, Əməkdar Jurnalist Qalina Nikeladze, məcmuənin tərtib edənlərdən biri olan şair və yazıçı Marat Şəfiyev və başqaları qeyd ediblər ki, əsl istedad sərhəd tanımır, dahilər isə bütün dünyaya məxsusdur.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə həmişə böyük məhəbbətlə yanaşıblar, burada rus ədəbiyyatının parlaq nümayəndələrinin yaradıcılığı bu gün də yüksək qiymətləndirilir. Qeyd edilib ki, öz qısa ömrünün bir hissəsini Qafqazda keçirmiş, Azərbaycanda olmuş M.Y.Lermontovun faciəli taleyinə və yaradıcılığına ölkəmizdə xüsusi maraq var. Məlumdur ki, şair Azərbaycan dilini öyrənməyə çalışmış, xalqımızın folkloru, əfsanələri və dastanları ilə maraqlanmış, dəfələrlə öz şeirlərində və nəsr əsərlərində bu yerlərə məhəbbətini ifadə etmişdir.

2014-cü ildə bütün dünya M.Y.Lermontovun 200 illiyini qeyd edir. O, 1814-cü il oktyabrın 15-də anadan olub. Bu əlamətdar tarixlə əlaqədar nəşr edilmiş poeziya və nəsr almanaxına M.Y.Lermontov haqqında Azərbaycan və Rusiya müəlliflərinin şeirləri və məqalələri, onun əsərlərinə çəkilmiş illüstrasiyaların və Lermontov mövzusuna həsr olunmuş rəsmlərin reproduksiyaları daxil edilib. Kitabın nəşri iki xalq arasında mədəni əməkdaşlığa töhfə kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, kitab rusdilli oxucuların geniş auditoriyası üçün qiymətli ədəbi mənbə olacaqdır. Bu yaxınlarda almanax Frankfurtda kitab sərgisində nümayiş etdirilib, İsraildə yaşayan keçmiş həmvətənlərimiz arasında da nəşrə böyük maraq göstərilir.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Qladkov Alina Talıbovaya rusiyalı həmvətənlərin informasiya dəstəyinə xüsusi töhfəsinə görə Rusiya Federasiyasının Xaricdə yaşayan həmvətənlərin işləri üzrə hökumət komissiyasının Fəxri diplomunu təqdim edib.

Təqdimat mərasimində M.Y.Lermontovun poetik əsərlərindən parçalar, şairin şeirlərinə yazılmış romanslar, Azərbaycan şairlərinin, o cümlədən ən gənc müəlliflərin ona həsr etdikləri əsərlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.