SİYASƏT
“Daily Sabah” qəzetinin oxucuları Azərbaycanın 25 ildə qazandığı nailiyyətlər barədə məlumatlandırılıb
Ankara, 20 oktyabr, AZƏRTAC
Türkiyənin çoxtirajlı “Daily Sabah” qəzeti Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı müsahibəsini yayıb. Qəzetin elektron versiyasında da yayılan müsahibədə diplomat ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, onun müəyyən etdiyi inkişaf strategiyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verir. Müsahibə ümumilikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər barədə oxucuda aydın təsəvvür yaradır.
Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində uzaqgörən strategiya həyata keçirilir. Bu fəaliyyət üzrə uzaq hədəfləri nəzərdə tutan dövlət proqramları icra edilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara