SİYASƏT
Daimi nümayəndəlik: Bəzi müşahidə missiyalarının qərəzli siyasi yanaşma əsasında hazırlanmış ilkin hesabatla çıxış etməsi təəssüf doğurur
Vyana, 19 aprel, AZƏRTAC
ATƏT-in Daimi Şurasının aprelin 19-da keçirilmiş növbəti iclasında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi tərəfindən ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat səsləndirilib.
AZƏRTAC xəbər verir ki, bəyanatda prezident seçkilərinin azad, demokratik, ədalətli və şəffaf şəraitdə 74.3 faiz kimi yüksək seçici fəallığı ilə keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu, seçicilərin seçki prosesinə etimadının göstəricisidir. Səsvermənin nəticəsində Prezident İlham Əliyevin 86.02 faizlik yüksək göstərici ilə seçicilərin etimadını qazandığı bildirilib, bunun Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara geniş ictimai dəstəyin bariz göstəricisi olduğu vurğulanıb.
Qeyd olunub ki, rəsmi nəticələr seçkidən əvvəl və seçki günü yerli və beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları və “exit-poll”ların nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini və fikirlərini əks etdirib.
Bəyanatda prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işlərinin yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirildiyi, bütün fundamental hüquq və azadlıqların, o cümlədən sərbəst toplaşma və söz azadlıqlarının təmin edildiyi, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılıb. Seçkidən əvvəl və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, seçkilərin 58 min 175 yerli müşahidəçi, o cümlədən QHT-lər tərəfindən irəli sürülmüş 4041 müşahidəçi ilə yanaşı, 59 ölkə və 61 beynəlxalq təşkilatı təmsil edən 894 beynəlxalq müşahidəçi tərəfindən izlənilməsi üçün bütün şərait yaradılıb. Həmçinin 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə onlayn müşahidə aparılıb.
Keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilib, səsvermə mühüm nailiyyət kimi dəyərləndirilib. Vurğulanıb ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.
Buna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqlar Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA nümayəndələrindən ibarət müşahidə missiyasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsi, subyektiv iddialar və qərəzli siyasi yanaşma əsasında hazırlanmış ilkin hesabatla çıxış etməsinin dərin təəssüf doğurduğu vurğulanıb.
Azərbaycan daimi nümayəndəliyi tərəfindən bildirilib ki, seçki müşahidə missiyasının hesabatında çoxsaylı bir-birinə zidd olan məqamların və əsassız iddiaların əks olunması bütövlükdə missiyanın bitərəfliyini, obyektivliyini və peşəkarlığını ciddi sual altına qoyur. Fərdi qanun pozuntularının ümumiləşdirilərək, bütünlükdə seçki prosesinə şamil edilməsi missiya tərəfindən öz mandatının aşılması kimi qiymətləndirilir. Azərbaycan tərəfi seçki müşahidə missiyasının ilkin qiymətləndirməsini ədalətli və obyektiv hesab etmir və onu bütünlüklə rədd edir. Müşahidə missiyasının hesabatından asılı olmayaraq, seçkilərdə qərarı Azərbaycan xalqı verir və Azərbaycan xalqı birmənalı şəkildə bu seçimlərdə öz iradəsini ifadə edib.
İclasda ABŞ, Avropa İttifaqı, Qazaxıstan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan nümayəndələri çıxış edərək seçkilərlə bağlı fikirlərini bölüşüb və təmsil etdikləri ölkələrin Azərbaycanın yeni seçilmiş Prezidenti və Azərbaycan xalqı ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıblar.
ATƏT Parlament Assambleyasının nümayəndəsi öz növbəsində Azərbaycanın ATƏT PA üçün əhəmiyyətli ölkə olduğunu və onunla əməkdaşlığa mühüm önəm verdiklərini bildirib. Seçkilərin müşahidəsi ilə bağlı Azərbaycan tərəfi ilə faydalı əməkdaşlıq etdiklərini diqqətə çatdırıb, qurumun sözügedən istiqamətdə Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətini ifadə edib.
Avropa İttifaqı adından səsləndirilən bəyanatda DTİHB-nin hesabatına istinadən irəli sürülən bəzi iradlarla bağlı Azərbaycan daimi nümayəndəliyi tərəfindən qeyd edilib ki, Azərbaycan tərəfi Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən verilən bəyanatlarla bu qurumun ATƏT yanında nümayəndəliyinin bəyanatı arasında fərqliliklərin olmasını ölkəmizə qarşı nümayiş etdirilən ikili standartlar siyasətinin nümunəsi kimi qiymətləndirir və bu cür yanaşmanı qətiyyətlə rədd edir. Azərbaycanın nailiyyətlərinin Aİ-nin Vyanadakı nümayəndəliyinin diqqətindən yayınması və yalnız mənfi gündəlik üzərində diqqətin cəmlənməsi qəbuledilməzdir.
Daimi nümayəndəlik vurğulayıb ki, Azərbaycan tərəfi maraqlı tərəflərlə bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıqdır və tərəfdaşlarından analoji yanaşma nümayiş etdiriləcəyini gözləyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana