İDMAN


“Dakar-2019” ralli-reydinin ilk mərhələsi başa çatıb

Bakı, 8 yanvar, AZƏRTAC

Perunun Pisko şəhəri yaxınlığında “Dakar-2019” ralli-reydinin ilk mərhələsi başa çatıb. Təşkilatçılar yetərincə qısa və nisbətən sadə olan xüsusi meydançada yürüşçülərə marafon keçirmək imkanı veriblər. Gözlənildiyi kimi, bu mərhələ sürprizlərlə seçilməyib.

AZƏRTAC xəbər verir ki, yürüş meydançasına ikinci çıxan motosikletçilər finişə birinci çatıblar. Belə ki, onların sürəti start xəttinə birinci çıxan kvadrosikletlərdən yuxarıdır. Ən yaxşı nəticəni isə “Honda” yürüşçüsü Xoan Barreda göstərib. O, 84 kilometrlik məsafəni cəmi 57 dəqiqə 36 saniyəyə qət edib. “Husqvarna” motosikletində yarışan Pablo Kuintanilla liderdən dəqiqə yarım geri qalıb, daha iki yürüşçü – Rikki Brabek (“Honda”) və Adrien van Beveren (Yamaha”) finişə üç dəqiqə gec çatıblar.

“SxS” kateqoriyasında qələbəyə əsas iddiaçılardan biri, ötən ilin qalibi Reynaldo Varela (“Can-Am”) finişə birinci çatıb. İkinci yeri Fransisko Lopes Kontrado, sonrakı yerləri isə Jerar Farres və İqnasio Kasale tutublar.

Avtomobillərin kateqoriyasında “Toyota” yürüşçüsü Nasser əl Attiyə qələbə qazanıb. O, Karlos Sayns və Yakub Prjiqonskini iki dəqiqə qabaqlayıb.

Yük avtomobilləri kateqoriyasında isə “KAMAZ-master”in nümayəndəsi, “Dakar” rallisinin hazırkı qalibi Eduard Nikolayev finişə birinci çatıb. “Iveco” sükanı arxasında yarışan Jerar de Roya ikinci, Ton van Qenuqten isə üçüncü yeri tutublar.

Sabah ralli-reyd Pisko ilə San-Xuan-de-Markona marşrutu üzrə davam edəcək. Uzunluğu 342 kilometr olan məsafəni qət edəcək iştirakçıları daha ciddi sınaq gözləyir. Bu mərhələnin daha bir özəlliyi ondadır ki, starta ilk olaraq avtomobillər çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.