MƏDƏNİYYƏT
“DanceAbility – İnklüziv rəqs” adlı ustad dərslərinə yekun vurulub
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakıda ilk dəfə keçirilən “DanceAbility – İnklüziv rəqs” adlı ustad dərsləri iştirakçıların yekun perfomansının nümayişi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, altı günlük təlim və yekun perfomans “Rapid Salutions” şirkətinin dəstəyi ilə “YARAT” Müasir İncəsənət Mərkəzində baş tutub.
Tədbirdə ölkəmizdə akkreditə olunan diplomatik korpusların nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak edib.
“DanceAbility Azərbaycan”ın təsisçisi və bədii rəhbəri Nigar Sultanova çıxış edərək, iştirakçıların professional və qeyri-professional rəqqaslar, eşitmə və fiziki məhdudiyyətli, Daun sindromlu insanlar, tələbələr və aktyorlardan ibarət olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanda və Şərqdə ilk dəfə tətbiq edilən bu rəqs metodu insanlara özünü ifadə etmə azadlığı verərək, bütün iştirakçıların, o cümlədən müxtəlif məhdudiyyətli insanların həyata və cəmiyyətə inteqrasiyasında yardımçı rol oynayır.
Daha sonra iyirmi nəfər iştirakçının qatıldığı müasir rəqs kompozisiyası qonaqlara təqdim edilib. Qafqazda və Şərqdə ilk dəfə Azərbaycanda nümayiş olunan yeni rəqs növü qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu rəqs metodologiyası 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Hazırda müstəqil “DanceAbility” filialları Azərbaycanla yanaşı, Avstriya, Finlandiya, Honq-Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir.