CƏMİYYƏT
Danimarka, Cənubi Afrika və Rumıniyadan ölkəmizə idxal olunan quşçuluq məhsullarına müvəqqəti məhdudiyyət qoyulub
Bakı, 18 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniyanın Xargita, Danimarkanın Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka, Cənubi Afrika və Rumıniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.