DÜNYA
Danimarka ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı texnologiyalarına xərcləri artıracaq
Stokholm, 1 may, AZƏRTAC
Danimarka zərərli tullantıları azaltmaq üçün ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı texnologiyalarına xərcləri artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı ətraf mühiti ən çox çirkləndirən sahələrdən hesab olunur. Məhz bu səbəbdən Danimarkada zərərli tullantılarla mübarizəyə xüsusi diqqət yetirilir və bu problemin həlli istiqamətində mühüm addımlar atılır.
Tədqiqat və innovasiya sahələrinə dövlət subsidiyalarının 700 milyon krondan çox artırılması Danimarka hökumətinin verdiyi təklifin əsas komponentini təşkil edır.
Hökumət, həmçinin 1990-cı ilə nisbətdə zərərli tullantıları 2030-cu ilədək 70 faiz azaltmağa dair planlarını açıqlayıb. Bu da Avropa İttifaqına üzv dövlətlərin qarşısında qoyulmuş tapşırıqların 55 faizindən çoxdur.
Təklif Danimarka parlamenti tərəfindən təsdiqlənərsə, karbonla zəngin olan torflu torpaqlarda əkinçiliyə qismən qadağa qoyulacağı gözlənilir. Eyni zamanda, bioqaz yanacağına keçid və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə həvəsləndirmə proqramı da nəzərdə tutulub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm