DÜNYA


Danimarka hökuməti ölkə xaricində qaçqın mərkəzləri planına görə tənqid edilib

Cenevrə, 5 iyun, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissari Filippo Qrandi Danimarkanın ölkə xaricində qaçqın mərkəzləri yaradılmasına dair planlarını sərt tənqid edib.

AZƏRTAC xəbər verir ki, iyunun 3-də Danimarkada ölkə hüdudlarından kənarda qaçqın düşərgələrinin təsis edilməsi və bu ölkədən sığınacaq istəyən şəxslərin həmin mərkəzlərdə saxlanmasına dair qanun qəbul edilib. F.Qrandi öz tənqidində qeyd edib ki, əgər bu qanunda həqiqətən də qüvvəyə minsə, o zaman sığınacaq istəyən şəxslərin zor tətbiqi ilə həmin mərkəzlərə göndərilməsi baş verəcək və bununla da Danimarka beynəlxalq hüquqla öz üzərinə götürmüş olduğu öhdəliklərdən üz döndərmiş olacaq.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı sığınacağa ehtiyacı olan insanlarla münasibətdə onların qorunmasına dair öhdəliklərdən boyun qaçırmağı və sığınacaq məsələlərini ölkə hüdudlarından kənara çıxararaq üçüncü ölkələrin ərazisində icra etməyi rədd edib. Beynəlxalq qurum Danimarkanın planlarını ötən dövrlərdə də tənqid edərək, bu yanaşmanın qaçqınlar probleminin məsuliyyətli və davamlı həllinə xidmət etmədiyini vurğulayıb.

Qeyd edilməlidir ki, Danimarkada qəbul edilmiş yeni qanuna əsasən, digər ölkələrdə qaçqın mərkəzləri yaradıla bilər. Danimarkada qaçqın statusu almaq üçün müraciət etmiş şəxslərin ərizəsinə baxıldığı müddət ərzində isə qaçqınlar həmin mərkəzlərə aparılaraq orada saxlanacaqlar. Bu şəxslərə qaçqın statusu verildikdən sonra belə, onların Danimarka ərazisinə daxil olması nəzərdə tutulmur, onlar ya həmin mərkəzlərdə qalmalı, ya da BMT himayəsində olan qaçqın düşərgələrinə göndərilməlidirlər.

Qanunda nəzərdə tutulan “digər ölkələr” olaraq hələlik heç bir dövlət belə bir mərkəzin öz ərazisində yaradılmasına razılılıq verməsə də, Danimarka hökuməti hazırda bir neçə ölkə ilə danışıqların aparıldığını bəyan edib.

F. Qrandi Danimarka hökuməti ilə bu istiqamətdə əməkdaşlığı davam etdirəcəklərini və xaricdə mərkəz yaradılması planına qarşı daha praqmatik alternativlərin təklif ediləcəyini bildirib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.