DÜNYA
Danimarka iqtisadiyyatı 2020-ci ildə 3-6 faiz zəifləyə bilər
Stokholm 10 aprel, AZƏRTAC
Danimarkanın Maliyyə naziri Nikolay Vammen 2020-ci ildə ölkə iqtisadiyyatının 3-6 faiz zəifləyəcəyini bildirib. Buna səbəb kimi koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hökumət tərəfindən qəbul edilən məhdudlaşdırıcı tədbirlər göstərilir.
AZƏRTAC xəbər verir ki, Maliyyə naziri “2020-ci ilin ikinci rübündə vəziyyətin Danimarka iqtisadiyyatı tarixinin ən qara səhifələrindən biri ola biləcəyini” vurğulayıb. Nazirin sözlərinə görə, hökumətin COVID-19 pandemiyası ilə bağlı tətbiq etdiyi sərt məhdudiyyətlərdən zərərçəkmiş biznesi dəstəkləmək üçün gördüyü bir sıra təxirəsalınmaz tədbirlərə baxmayaraq, iqtisadiyyatın azalması davam edir. Böhran nəticəsində işsizlərin sayının 44785 nəfər artması, 73220 nəfərin isə əməkhaqqı saxlanmadan evə göndərilməsi vəziyyəti xeyli çətinləşdirir.
Nikolay Vammen pandemiyanın Danimarka iqtisadiyyatına daha neqativ təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Maliyyə Nazirliyi əvvəlkitək hesab edir ki, Krallıq yaxın aylarda iqtisadiyyatın sağlamlaşdırılması üçün daha fəal tədbirlər görməyə başlasa belə, dövlət maliyyəsinin həcmi mövcud 5 faiz profisitdən 2 faiz defisitə qədər düşəcək. Mütəxəssislərin hesablamalarına görə, o cümlədən Danimarkanın ÜDM-i 3 faiz azalacaq. Lakin əgər böhran mütəxəssislərin gözlədiyindən daha uzun çəkərsə, dövlət maliyyəsinin kəsiri 7 faizə qədər arta, ÜDM isə təxminən 6 faiz azala bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm