Danimarka ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etmək üçün təlimlər keçəcək
AzerTAg.az

Stokholm, 20 may, AZƏRTAC
Danimarka ukraynalı pilotların F-16 qırıcılarından istifadə etmək üçün təlimləri öz üzərinə götürür.
AZƏRTAC xəbər verir ki, müvafiq qərarı Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen açıqlayıb.
Qərara əsasən, ABŞ, Danimarka və bir sıra digər ölkələr birlikdə Ukrayna F-16 pilotlarının birgə təlimini həyata keçirəcək. Təlimin aparılması üçün konkret planın müzakirəsi yaxın vaxtlarda baş tutacaq.
Troels Lund Poulsen pilotların hazırlanması məsələsi ilə yanaşı, Danimarkanın həm də F-16 döyüş təyyarələrinin bağışlanması məsələsini də müzakirə etməyə hazır olduğu barədə mesaj verib: “Biz bu təlim səylərini həyata keçirdikdən sonra bir addım da irəli gedib F-16 döyüş təyyarələrini verib-verməməyi müzakirə etməyə hazırıq”.
Onun sözlərinə görə, hərçənd ki, Danimarka üçün qırıcıların verilməsi ilə bağlı qərar vermək hələlik tezdir.
Qeyd edək ki, Danimarka Kral Hərbi Hava Qüvvələri hazırda 1990-cı illərdə alınmış 30 ədəd ABŞ istehsalı F-16 A qırıcılarından istifadə edir. Mövcud təyyarə parkı 2015-ci ildə imzalanan kontraktla F-35 beşinci nəsil qırıcıları ilə əvəzlənəcək. Yeni qırıcıların Danimarkaya təslimi 2021-2027-ci illər arasında həyata keçirilir. Ümumilikdə 27 təyyarənin alınması nəzərdə tutulub.
Xəbərin mətnində orfoqrafik səhv var