DÜNYA
Danimarka və İsveçdə havaların quraqlıq keçməsi böyük problemlərə səbəb olub
Stokholm, 10 iyul, AZƏRTAC
Danimarka və İsveçdə havaların quraqlıq keçməsi böyük problemlərə səbəb olub.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin aqrar sahəsinin və hakimiyyət orqanlarının nümayəndələri havaların quraqlıq keçməsi ilə bağlı problemlərin həlli və onun kənd təsərrüfatına təsirinin minimuma endirilməsi yollarını tapmaq üçün təcili görüşlər və məsləhətləşmələr keçirirlər.
Dövlət bütün fermerləri gərgin vəziyyətdə saxlayan bu məsələyə müdaxilə etməyə məcbur olub. Fermerlər Assosiasiyasının sədr müavini Asa Odell deyir: “İndiki vəziyyət fermerlərin ciblərinə də, onların sağlamlığına da mənfi təsir göstərir. Biz heç vaxt belə hallarla üzləşməmişik. Bütün bunların nə ilə başa çatacağı məlum deyil. İnsanların çoxu gərginlik içindədir. Hökumət bu böhranın həllinə dəstək almaq üçün Avropa İttifaqına müraciət etməyə hazırlaşır”.
İsveç Geoloji Xidmətinin (SGU) yaydığı məlumata görə, əgər quraqlıq hava şəraiti davam edərsə, ölkənin bəzi regionlarındakı şəhərlər su təchizatı problemi ilə də üzləşə bilər.
Qonşu Danimarkada da havaların son dərəcə quraqlıq keçməsi burada yanğınlar problemini aktuallaşdırıb. Yerli jurnalistlər bildirirlər ki, Danimarkanın yanğınsöndürmə xidmətləri təkcə iyun ayının son həftəsində 449 yanğın hadisəsi qeydə alıblar. Havanın quraqlıq keçməsinin nəticəsində otlaq sahələrində, qarğıdalı tarlalarında və meşələrdə yanğınlar baş verir. Yerli xəbər agentlikləri bildirirlər ki, quraqlıq hava nəticəsində təbii yanğınların sayı xeyli artıb.
Bu meyllər iyul ayında da davam edir. Belə ki, bu ayın ilk beş günündə 160 təbii yanğın hadisəsi qeydə alınıb. Krallığın hakimiyyət orqanları bildirirlər ki, bu göstərici son beş ilin müvafiq dövrü üçün yanğınların sayından yeddi dəfə çoxdur.
Yaxın günlərdə yağıntı düşəcəyi proqnozlaşdırılır. Lakin gözlənildiyinə görə, həmin yağıntıların miqdarı Danimarkada yanğın riskini azaltmaq üçün kifayət etməyəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm