SİYASƏT
Danimarkada Azərbaycan “Ana dili” məktəbi açılmışdır VIDEO
Kopenhaqen, 19 may (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə bu qurumun nəzdində olan Azərbaycan Evində “Ana dili” məktəbinin açılışı olmuşdur.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, Cəmiyyətin üzvləri, Danimarkada yaşayan həmvətənlərimiz ilə yanaşı, türklər və türkmənlər də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi məktəb və onun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan “Ana dili” məktəbində şahmat və musiqi siniflərinin fəaliyyəti nəzərdə tutulmuşdur. O, Danimarkada yaşayan azərbaycanlı uşaqların ölkəmizin mədəniyyətini, adət-ənənələrini və doğma dilimizi öyrənməsi baxımından məktəbin əhəmiyyətini vurğulamışdır. Azərbaycançılıq ideyasını yaşatmağın bütün dünyadakı həmvətənlərimizin borcu olduğunu diqqətə çatdıran Cəmiyyətin sədri, Britaniyadakı səfirliyimizə Azərbaycan Evinin açılmasına göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə etmişdir.
Skandinaviya Türk Federasiyasının sədri İlhan Esen Danimarkada qardaş ölkə Azərbaycanın “Ana dili” məktəbinin açılmasının qürurverici hadisə olduğunu bildirmişdir. Azərbaycan ilə Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edən İ.Esen dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq ana dilimizin milliyyətimizin, milli kimliyimizin təməli olduğunu vurğulamışdır.
Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina "Vətən" Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş, Cəmiyyətin Danimarkadakı həmvətənlərimizi birləşdirmək baxımından vacibliyini vurğulamışdır. “Ana dili” məktəbinin açılmasının Danimarkada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən M.Aşina, Cəmiyyətin uğurlarının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov “Ana dili” məktəbinin açılmasının ölkəmiz üçün böyük uğur olduğunu qeyd etmişdir. Doğma dilimizi qoruyub saxlamağın milli hisslərimizin, milli şüurumuzun və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından vacib olduğunu vurğulamışdır. Dilimizi qorumağın həm də ədəbiyyatımızı və tariximizi qoruyub saxlamaq olduğunu qeyd edən səfir, ölkəmizin əsrlər boyu bu vəzifəni şərəflə və uğurla həyata keçirdiyini vurğulamışdır. Bildirmişdir ki, xüsusilə xaricdə yaşayan həmvətənlərimizin ana dilimizi dərindən öyrənmələri ölkəmizin və milli mentalitetimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın xaricdəki nailiyyətlərinin hər birimizi sevindirdiyini bildirən F.Qurbanov ölkəmizin diaspor təşkilatlarına, o cümlədən “Vətən” Cəmiyyətinə minnətdarlığını ifadə etmiş, uğurların davamını arzulamışdır.
Tədbir çərçivəsində “Ana dili” məktəbinin ilk şagirdlərindən Leyla Vahabova dövlət himnimizi səsləndirmiş, Cəmiyyətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Daha sonra səfir Fəxrəddin Qurbanov Danimarkada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmış, onların suallarını cavablandırmışdır.
Səfirlik adından Cəmiyyətə rəsm əsəri təqdim olunmuş, müxtəlif dillərdə kitablar və milli mədəniyyətimizi, tariximizi əks etdirən suvenirlər hədiyyə edilmişdir.
Sonda Cənubi Azərbaycandan olan Aşıq Abbas qədim musiqi alətimiz olan sazda milli musiqimizdən nümunələr ifa etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen