SİYASƏT
Danimarkada “Qarabağ təbliğatı” mövzusunda görüş keçirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi (İB) “Qarabağ təbliğatı” mövzusunda görüş keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.
Kopenhagen şəhərindəki “Vətən” cəmiyyətinin sədri, tədbirin təşkilatçısı Səfər Sadiqinin təqdimatı ilə başlayan tədbirdən əvvəl Azərbaycanın dövlət himni səsləndirilıb.
“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin sədri Nazim Əhmədli Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını danimarkalı qonaqların diqqətinə çatdırıb.
Danimarkalılarla yanaşı, bu ölkədə yaşayan həmvətənlərimizin və Almaniyalı qonaqların da qatıldığı görüşdə Azərbaycan həqiqətlərini əks etdirən filmlər təqdim olunub. Qonaqlara Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər verilib.
Danimarkada yaşayan həmvətənlərimizin yaratdığı “Cırtdan” rəqs qrupunun çıxışını maraqla izləyən iştirakçılar Azərbaycan paxlavasının və türk mətbəxinin təamlarından da dadıblar.