DÜNYA
Danimarkada insanların “omikron” ştamı ilə təkrar yoluxma halları təsdiqlənir
Stokholm, 23 fevral, Rauf Əliyev, AZƏRTAC
Danimarkada insanların “omikron” ştamı ilə təkrar yoluxma halları təsdiqlənir.
AZƏRTAC Danimarka Dövlət Peyvənd İnstitutunun yeni məlumatına istinadən xəbər verir ki, ötən ilin noyabrında Danimarkaya bu mutasiya yayılmağa başlayandan bəri, Krallığın 47 vətəndaşı “omikron” ştamının hər iki variantına iki dəfə yoluxub.
Alimlərin qənaətincə, bu insanlar əvvəlcə BA1 variantına, sonra isə BA2 variantına yoluxublar. Qeyd edilir ki, ştamın hər iki variantında yoluxan insanlar əksər hallarda gənc və peyvənd olunmamışlar.
Danimarka Dövlət Peyvənd İnstitutu, həmçinin vurğulayır ki, dekabr ayında Krallıqda koronavirusa yoluxanların əksəriyyəti BA1 variantı ilə xəstə olduğu halda, yanvarda yoluxanların əksəriyyəti isə BA2 variantına yoluxub.
Qeyd edək ki, hazırda Danimarkada sonuncu variant üstünlük təşkil edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm