DÜNYA
Danimarkada sığınacaq verilməsini xahiş edənlərin sayı son 11 ildə ən aşağı həddə düşüb
Stokholm, 14 may, AZƏRTAC
2019-cu ilin ilk üç ayı ərzində Danimarkadan 620 adam sığınacaq istəyib.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, beləliklə, 2008-ci ildən başlayaraq Krallıqdan sığınacaq istəyənlərin sayı bir rüblük dövr ərzində ən aşağı həddə düşüb.
İndiki göstəricilər xüsusilə ötən ilin əvvəlinin məlumatları ilə ziddiyyət təşkil edir. Belə ki, o dövrdə 3500-dən bir qədər az qaçqın sığınacaq istəmişdi.
Danimarkaya yollanan qaçqınların sayının azalmasında ümumi meylin müşahidə olunmasına baxmayaraq, həmin problem, eləcə də müraciət, cəmiyyətə inteqrasiya məsələləri hələ də qızğın siyasi müzakirələr mövzusudur. İyunun 5-də ölkə parlamentinə keçiriləcək ümumi seçkilər fonunda bu məsələ aktuallığını itirmir.
Bu il Danimarka parlamenti yeni qanun qəbul edib. Bu qanun Danimarka hökumətinin məqsədlərinin inteqrasiyadan qaçqınların gələcəkdə vətənə qaytarılmasına doğru keçidini nəzərdə tutur.
Bu arada yerli humanitar təşkilatlar və müxalifətdə olan siyasətçilər Danimarkanın qaçqın statusu verilməyən şəxslərlə davranış metodlarını tənqid ediblər. Müvəqqəti yaşama yerlərində qaçqınların saxlanma şəraiti xüsusi tənqid edilib. Danimarka Qırmızı Xaç Cəmiyyətinin hesabatında qeyd edilir ki, müvəqqəti yaşama yerlərində saxlanılan uşaqların psixi və fiziki sağlamlığı risk altındadır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm