SİYASƏT
Danimarkadakı “Vətən” Cəmiyyəti Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini uğurla təmsil etmişdir
Bakı, 16 iyun (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Hillerod şəhərində “İnteqrasiya günü” adlı tədbirdə iştirak etmişdir.
Tədbir Danimarkada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyətlərinin öz dövlətlərinin tarixini, mədəniyyətini və incəsənətini təmsil və təqdim etmək məqsədi ilə keçirilir.
Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal edilmiş torpaqlarımız ilə bağlı kitab və broşürlər nümayiş etdirilmiş, milli mətbəximizin nümunələri təqdim olunmuşdur. Azərbaycanın milli geyimləri qonaqlarda böyük maraq doğurmuşdur.
İştirakçılar qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanı özləri üçün bir daha kəşf etdiklərini, ölkəmizə olan maraqlarının daha da gücləndiyini bildirmiş, Azərbaycana səfər etmək niyyətlərini açıqlamışlar.
Fəal iştiraka görə “İnteqrasiya günü”nün əsas təşkilatçıları tərəfindən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqiyə təşəkkür bildirilmişdir.
######