REGİONLAR
Danimarkalı ekspert Aqrar Universitetdə təhsil və məsləhət xidmətlərinə aid tədqiqat aparacaq
Gəncə, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan hökuməti ilə Dünya Bankı “Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi” mövzusunda birgə layihə həyata keçirmək niyyətindədir. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi təqdimat iyun ayına planlaşdırılıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sənədlərin hazırlanması çərçivəsində Azərbaycana ezam edilən danimarkalı ekspert Karl Larsen bu ali təhsil müəssisəsində olub.
K.Larsen universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərovla görüşüb, fikir mübadiləsi aparılıb. Görüş zamanı ekspertin aparacağı işin çərçivəsini əks etdirən təlimatı (ToR) müzakirə edilib, ADAU rəhbərliyinin tövsiyələri dinlənilib.
Qeyd olunub ki, danimarkalı alim aqrar sektorda təhsil və məsləhət xidmətlərinə aid tədqiqatını davam etdirir.