DÜNYA
Danimarkanın Baş naziri Ukraynaya 110 milyon avro həcmində əlavə maliyyə yardımının ayrılmasını elan edib
Stokholm, 12 avqust, AZƏRTAC
Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynaya 110 milyon avro həcmində əlavə maliyyə yardımının ayrılmasını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kopenhagendə, Avropa İttifaqının 26 ölkəsinin parlamentləri üzvlərinin iştirakı ilə keçirilən Ukraynaya dəstək konfransının açılış mərasimində elan olunub.
Danimarkanın Baş nazirinin sözlərinə görə, dünya ölkələri Ukrayna xalqının və müdafiəçilərinin qəhrəmanlığına heyran qalıb. “Sizin sarsılmazlığınız möhkəmdir, lakin siz bu qeyri-bərabər müharibədə tək tab gətirə bilməzsiniz. Biz silah, təlim, minalardan təmizləmə, maliyyə ilə Ukraynaya dəstəyi artırmalı və bunu davam etdirməliyik”, - deyə Mette Frederiksen bəyan edib.
O vurğulayıb ki, Danimarka bu yardıma 110 milyon avro həcmində əlavə töhfə verməyə hazırdır. Ayrılan vəsait ukraynalı hərbçilər üçün silah-sursat alınmasına, bir hissəsi isə hərbçilərin təliminin ödənişinə sərf ediləcək.
Qeyd edək ki, Avropanın 26 ölkəsinin nümayəndəsi Ukraynanın hərbi potensialının möhkəmləndirilməsinə yardım üçün ümumilikdə 1,5 milyard avrodan artıq həcmdə vəsaitin ayrılması barədə üzərlərinə öhdəlik götürüblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm