DÜNYA
Danimarkanın İrandakı səfirinə etiraz notası təqdim olunub
Tehran, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Danimarkanın İrandakı səfiri Danni Annan Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qaseminin açıqlamasına istinadən xəbər verir ki, nazirliyə çağırılan səfirə etiraz notası təqdim olunub. Qeyd olunub ki, İran nə Danimarkada, nə də digər Avropa ölkələrində rəsmi Tehrana müxalif olan qüvvələrə qarşı terror aksiyası keçirməyib. Son vaxtlar Danimarka rəsmilərinin İran haqqında səsləndirdikləri fikirlər həqiqəti əks etdirmir.
Rəsmi Tehran hesab edir ki, İran rejiminə qarşı mübarizə aparan adamlara qarşı terror aksiyası hazırlanması iddiası ilə çıxış edənlərin məqsədi Avropa dövlətləri ilə İranın münasibətlərini pozmaqdan ibarətdir. ABŞ-ın “nüvə razılaşmasından” birtərəfli qaydada çıxması və Avropa dövlətlərinin buna etiraz etməsindən sonra İrana qarşı yeni iddiaların irəli sürülməsi və iranlı diplomatların yalan ittihamlar ilə həbs edilməsi təsadüfi xarakter daşımır. Məqsəd ondan ibarətdir ki, “nüvə razılaşmasına” sadiq qalan Avropa dövlətləri öz yollarından dönsün və İran tam olaraq təcrid vəziyyətinə düşsün.
Xatırladaq ki, iyul ayında İranın 3 diplomatı Almaniyada həbs edilərək Danimarkaya ekstradisiya edilib. Diplomatlar Danimarka və Fransada yaşayan və İran rejiminə qarşı mübarizə aparan müxalifətçilərə qarşı terror aksiyası hazırlamaqda ittiham edilirlər. Lakin hələ də ittihamları təsdiq edən faktlar ortaya qoyulmayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran