İQTİSADİYYAT
“Danışan kitabxana”ya altı ay ərzində 30 minə yaxın müraciət qeydə alınıb
Bakı, 13 iyun, AZƏRTAC
“Danışan kitabxana”ya maraq getdikcə artır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanmış “Danışan kitabxana”ya bu günədək 2.154 nömrədən 29.313 dəfə müraciət olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müraciətlərdə müasir, klassik və tarixi ədəbiyyat üstünlük təşkil edir.
“Danışan kitabxana” 100-dək peşəkar səviyyədə səsləndirilmiş kitabı dinləyicilərin ixtiyarına verib. Kitabxana vasitəsilə 8 janrda – şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür.
Həmçinin “Danışan kitabxana”ya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər.