İQTİSADİYYAT


Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün monitorinqlər aparılır YENİLƏNİB

(YENİLƏNİB)

Bakı, 8 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Noyabrın 8-də Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi” mövzusuna həsr edilmiş “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipi əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi, o cümlədən bu sahə ilə məşğul olan sahibkarların maarifləndirilməsi, idarəetmə və ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması üçün iki qurum arasında birgə layihələrin icrasıdır.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, Prezident İlham Əliyev müəssisələrin müasir korporativ idarəetmə mexanizmi əsasında fəaliyyət göstərməsi, o cümlədən torpaqların təyinatı üzrə səmərəli istifadə olunması istiqamətində müvafiq Fərmanlar imzalayır, tapşırıqlar verir. Komitə tərəfindən həmin tapşırıqlara uyğun olaraq bu sahələrdə monitorinqlər həyata keçirilir. Belə monitorinqlərdən biri daş karxanalarında aparılır. Həmin müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilir, onların fəaliyyətinin mövcud norma və standartlara uyğunluğu müəyyən olunur.

Sədr müavininin sözlərinə görə, istifadə edilən avadanlıqların əksər hissəsi keçmiş sovetlər dövründə istismara verildiyindən, hazırda həmin qurğular müasir norma və qaydalara cavab vermir. Bu zaman karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilir. Həmin avadanlıqlar barədə, onların həm idarəetmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması haqqında məlumatlar verilir.

İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yerləşən daş karxanalarında monitorinqlər aparıldığını söyləyən R.Şahbazov qeyd edib ki, qanunauyğun şəkildə həmin sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər görülür. “Nəzərə alsaq ki, belə karxanalar tikinti sahəsi üçün tələb edilən xammalın ödənilməsini təmin edir, bu onların yeni texnologiyalarla qurulmasını zəruri edir. Fəaliyyətin genişləndirilməsi isə yeni iş yerlərinin yaradılmasına, sahibkarların gəlirlilik potensialının artmasına, iqtisadi göstəricilərin müsbət olmasına imkan verəcək”.

Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, aparılan monitorinqlər zamanı bəzi karxanaların təyinatına uyğun istifadə edilmədiyi də aşkarlanır. Kənd təsərrüfatı torpaqları belə fəaliyyət növünə cəlb edilir. Bu kimi karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, yararlılıq dərəcəsi azalır. Həmin torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir. Belə halların yaranmaması üçün nəzarət tədbirləri ilə yanaşı təbliğat işlərinin də mühüm əhəmiyyəti var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev bildirib ki, bu kimi maarifləndirmə işləri daş karxanası sahiblərinə fəaliyyətini ekoloji prinsiplər əsasında qurmağa dəvət edir. Müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə də böyük ziyan vurur. Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin daş karxanalarının idarəetmə baxımından mövcud vəziyyətini əks etdirən təqdimatı olub. Təqdimatda karxanaların fəaliyyət prosesində istifadə olunan avadanlıqların fotoşəkilləri nümayiş edilib. Bildirilib ki, yeni texnologiyaların tətbiqi sahibkarların fəaliyyətində məhsuldarlığı artıracaq. Bununla da, onlar az vaxtla daha çox qazanc əldə edə bilərlər. Həmçinin idarəetmənin səmərəli təşkili, təmizləyici qurğuların istifadəyə verilməsi ekoloji vəziyyətin yaxşılaşmasına imkan verir.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin ekoloji problemlərin həll edilməsində müasir texnologiyaların rolundan bəhs edən təqdimatı olub. Qeyd olunub ki, belə avadanlıqların cəlb edilməsi ətrafa yayılan tullantıların azalmasına, insan sağlamlığı üçün zərərli hesab edilən kimyəvi qazların hava qatında yığılmamasına imkan verir. Tənzimləyici qurğuların tətbiqi həmin kimyəvi qazların filterizasiyasına şərait yaradır.

Tədbir çərçivəsində karxana sahiblərinin fəaliyyətinin idarəetmə və ekoloji tələblər əsasında qurulması üçün bir sıra tövsiyələr verilib. Torpağın münbit qatının korlanmaması üçün nə kimi işlərin görülməli olduğu, rekultivasiya tədbirlərinin düzgün istiqamətdə aparılması, hansı texnologiyaların daha əlverişli olması barədə karxana sahibləri məlumatlandırılıb. Ənənəvi texnologiyadan müasir idarəetmə mexanizminə keçidin vacibliyi vurğulanıb. Eləcə də ekoloji cəhətdən təbiətə ziyan vurulmaması üçün yeni texnologiyalar, onların istifadə qaydaları haqqında geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları hər iki qurumun nümayəndələri tərəfindən cavablandırılıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Bakı şəhərində və bölgələrdə yerləşən daş karxanalarının sahibləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.