REGİONLAR
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində tələbələrlə görüş olub
Naxçıvan, 1 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin komitənin hamiliyinə verilmiş müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədri Müslüm Cabbarzadə tələbələrə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.
Komitə sədri hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə komitə əməkdaşlarından Nurlan Fətəliyevin “İnnovativ ideyalar əsasında yeni layihələrin işlənməsi”, Cəfər Əliyevin “Müasir torpaq idarəçiliyində geodeziyanın rolu” mövzularında çıxışları dinlənilib.
Görüş zamanı hamiliyə verilmiş ixtisaslara yeni qəbul olunmuş tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda tələbələr komitədə iş prosesi, müasir geodeziya-ölçü avadanlıqları ilə tanış olublar.