İQTİSADİYYAT
Daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətləri bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən reallaşdırılan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə səyyar xidmətlər bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq ƏMDK tərəfindən istismarına icazə verilmiş binalardakı mənzillərin dövlət qeydiyyatına alınması xidmətləri birbaşa ünvanlarda göstərilir.
Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə intensiv qeydiyyat xidmətləri Bakı şəhəri üzrə 5 müxtəlif ünvanda göstəriləcək. Belə ki, sosial aksiya sentyabrın 9-dan 13-dək Səbail, Nizami, Yasamal və Nəsimi rayonlarındakı bir neçə çoxmənzilli binalarda keçiriləcək.
Kampaniya sentyabrın 9-da Səbail rayonu, A.Abbaszadə küçəsindəki 18 mərtəbəli, 561 mənzilli binada, sentyabrın 10-da Nizami rayonu, Çobanzadə, Gəncəvi və Nəsimi küçələrinin kəsişməsi, 2532 məhəllədəki 17 mərtəbəli, 128 mənzilli binada reallaşacaq. Daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən sentyabrın 11-də Yeni Yasamal, D.Bünyadzadə küçəsindəki 17 mərtəbəli, 855 mənzilli binanın, sentyabrın 12-də Səbail rayonu, 4-cü Badamdar 6012 məhəllədəki 14 mərtəbəli, 286 mənzilli binanın, sentyabrın 13-də isə Nəsimi rayonundakı Abay döngəsi, 360-cı məhəllədəki 18 mərtəbəli, 273 mənzilli bina sakinləri yararlanacaq.
Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilərlər.