MƏDƏNİYYƏT
Daşkənd Dövlət İqtisadiyyat Universitetindəki konfransda Azərbaycan da təmsil olunub
Daşkənd, 29 aprel, АZƏRTAC
Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) “Turizm təhsili: problemlər və perspektivlər” adlı konfrans keçirilib.
Tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin nümayəndələri, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Aşpazlar Birliyinin, həmçinin aparıcı turizm şirkətlərinin nümayəndələri, mütəxəssislər, tələbələr iştirak edib.
DDİU-nin prorektoru Muxiddin Pulatov ölkədə son illər turizm təhsili sahəsində əldə edilən nailiyyətlər, problemlər və perspektivlər barədə danışıb, konfransda maraqlı məruzələrin, təqdimatların, habelə tələbələrin iştirakı ilə turizm şirkətləri ilə birbaşa debatların olacağını bildirib.
Tədbirdə Özbəkistanda turizm infrastrukturunun inkişafı, mövcud ehtiyatlardan faydalı istifadə, xidmət və təhsil sisteminin əlaqələndirilməsi sahəsində turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Abduləziz Akkulov məruzə edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) barədə məruzə etdi. Məruzədə Azərbaycanda turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi və tədrisdə qazanılan uğurlar barədə danışılıb.
Qeyd edək ki, məruzə ilə yanaşı AMM-nin ölkənin turizm potensialı, Azərbaycanda təhsili, ATMU-nun fəaliyyətinə dair hazırladığı xüsusi videoçarx nümayiş etdirilib.
Daha sonra “dəyirmi masa”da müzakirələr aparılıb. İştirakçı təşkilat və şirkətlər sualları cavablandırıblar.
“Dəyirmi masa”da çıxış edən səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan Turizm və Menecment Universitetinin turizm təhsil sahəsində bir sıra uğurlar əldə etdiyini qeyd edib.
Tələbələrin sualını cavablandıran S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu vurğulayıb.
Özbəkistanla-Azərbaycan arasında turizm təhsili sahəsində əməkdaşlığa dair sualı cavablandıran S.Abbasov AMM-nin təşəbbüsü ilə DDİU ilə ATMU arasında memorandumun imzalanmasına dair hər iki tərəflə razılıq əldə edildiyini söyləyib.
Diplomat memoranduma qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, səfərlərin reallaşdırılması, turizm təhsili sahəsinin aktual məsələlərinə dair birgə konfransların, seminarların təşkili, elmi nəşrlərin mübadiləsi, birgə yay məktəblərin təşkili və gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinə dair tədbirlərin daxil edilməsinin planlaşdırıldığını qeyd edib
Tədbirin sonunda DDİU-nin həyətində “Açıq səma altında muzey” layihəsi təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd