İDMAN
Daşkənd Qran-Prisinin ikinci günündə altı paracüdoçumuz mübarizə aparır
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycanın altı paracüdoçusu Daşkənd Qran-Prisinin ikinci günündə mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, yarışa dörddəbir final mərhələsindən başlayan Hüseyn Rəhimli (81 kq) Rusiya təmsilçisi Ruslan Sabirovu məğlub edərək yarımfinala yüksəlib. İdmançımız növbəti görüşdə özbəkistanlı Davurxon Karomatovla bacarmayıb. H.Rəhimli bürünc medal uğrunda Cənubi Afrika Respublikasının idmançısı Jak Jubertlə üz-üzə gələcək.
Kənan Əbdülxanlı (90 kq) birinci görüşdə rusiyalı Anatoli Şevçenkoya qalib gəlib. Yarımfinal qarşılaşmasında özbəkistanlı Sulaymon Alayevi üstələyən idmançımız finala vəsiqə qazanıb. K.Əbdülxanlı finalda Böyük Britaniya təmsilçisi Kristofer Skelley ilə görüşəcək.
İki qat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə dörddəbir finalda Koreya Respublikası təmsilçisi Qvanq Qeun Çoiyə məğlub olub. Lakin o, təsəlliverici görüşdə yunanıstanlı Teoklitos Papakristosu üstələyərək bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb. İ.Zəkiyev üçüncü yer uğrunda Böyük Britaniya idmançısı Cak Hodqson ilə qarşılaşacaq.
Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Təmsilçimiz birinci görüşdə yaponiyalı Hiroko Kudonu mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn X.Hüseynova bu mərhələdə Türkiyə paracüdoçusu Duyğu Cete Artar üstələyərək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda Özbəkistan idmançısı Nafisa Şeripboeva ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turnirdə 70 kiloqram çəki dərəcəsində çıxış edən Zülfiyə Hüseynova səkkizdəbir finalda Özbəkistan təmsilçisi Adiba Urinovaya qalib gəlib. Dörddəbir finalda braziliyalı Alana Martinslə dueldən məğlub ayrılan paracüdoçumuz təsəlliverici görüşdə gürcüstanlı İna Qalustianı üstələyərək bürünc medal qazanma şansı əldə edib. Z.Hüseynova növbəti görüşündə rusiyalı Olqa Zabrodskaya ilə yarışacaq.
Dürsədəf Kərimova (70 kq-dan yuxarı) dörddəbir finalda italiyalı Karolina Kostaya məğlub olsa da, təsəlliverici görüşdə Ukrayna təmsilçisi Anastasiya Harnikə qalib gəlib. D.Kərimova bu mərhələdə türkiyəli Məsmə Tasbaqla bürünc medal uğrunda mübarizə aparmalı olacaq.
Xatırladaq ki, turnirin birinci günündə Namiq Abaslı (66 kq), Sevda Vəliyeva (57 kq) gümüş, Şahanə Hacıyeva (48 kq), Afaq Sultanova (57 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal qazanıblar.