MƏDƏNİYYƏT


Daşkənd Tibb Universitetinin tələbə və müəllimləri ölkəmizin mədəniyyəti ilə tanış olublar

Daşkənd, 5 may, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Tibb Universiteti ilə birgə bu ali məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, azərbaycanlı gənclər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, AMM-in təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “Xəmsə”si, Qarabağa dair çoxsaylı nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlərlə tanış olublar.

Hazırlanan sərgidə milli musiqi alətləri, Azərbaycan xalçaları, kəlağayıları, ölkəmizin mədəniyyət və turizm gözəllərini əks etdirən fotolar nümayiş etdirilib.

İnstitutun prorektoru, professor Sayfiddin Baymakov Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini bildirib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında tarixi dostluq, dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışaraq, keçirilən tədbirdə Azərbaycanın zəngin və təkrarsız mədəniyyətinin nümayiş olunduğunu qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və il ərzində Özbəkistanda Mədəniyyət Mərkəzi tərəfindən dahi şairlərimiz Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileyləri münasibətilə tədbirlərin həyata keçiriləcəyini bildirib. S. Abbasov Azərbaycanın 44 günlük Vətən müharibəsi və tarixi qələbəsi, işğal olunmuş torpaqlarının azad olunması və Türk dövlətləri arasında həmrəylik, mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimlərinin dəb sərgisində nümayiş olunub. Qarabağ şikəstəsinin sədaları altında geyimləri Tibb Universitetinin tələbələri sərgiləyiblər.

AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, İlham Abdullayev sazda qədim el havalarını ifa edib, özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar səsləndiriblər.

İştirakçılar müxtəlif Azərbaycan şirniyyatları-şəkərbura, paxlava və qutablara qonaq ediliblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.