MƏDƏNİYYƏT


Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Daşkənd, 8 mart, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirlikdə və mərkəzdə çalışan qadınlar, diplomatlarımızın xanımları, Daşkənddəki diasporumuzun fəal qadın üzvləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, bu bayramının tarixi, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. Ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulub. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və uğurla fəaliyyət göstərir.

Salama Fətəliyeva, Kifayət Pirməmmədov və çıxış edən digər qadınlar bu bayramın əhəmiyyətindən danışıblar. Onlar Özbəkistanda yaşayan qadınlarımızın ictimai işlərdə fəal olduqlarını da diqqətə çatdırıblar.

Mərasim bayram süfrəsi ətrafında davam etdirilib. AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.