MƏDƏNİYYƏT
Daşkənddə Azərbaycan aliminin monoqrafiyasının təqdimatı olub
Daşkənd, 21 noyabr, АZƏRTAC
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində (DDPU) Azərbaycan alimi Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə keçirilən tədbirdə nizamişünas alim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Lalə Əlizadə, DDPU-nin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Universitetin müəllimi, dosent Marxabo Sabirova qonağa bu ali məktəb haqqında məlumat verib, qeyd edib ki, universitet 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Alim universitetdə Nizami irsi ilə əlaqədar aparılan elmi-tədqiqat işlərindən söhbət açıb, təqdim olunan kitabın əhəmiyyətindən danışıb.
AMM direktorunun müavini Polad Zeynalov mərkəzin fəaliyyəti haqqında məlumat verib, bildirib ki, Özbəkistanın bir sıra universitetlərində, o cümlədən bu ali məktəbdə “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi” yaradılıb və uğurla fəaliyyət göstərir.
Lalə Əlizadə bu il Bakıda çap olunan bu kitab haqqında ətraflı məlumat verib, monoqrafiyanın müəllifi Əzizağa Nəcəfzadənin onun tələbəsi olduğunu vurğulayıb. Alim bildirib ki, bu qiymətli kitabda XIX əsirin əvvəllərindən başlayaraq iki əsrlik bir müddətdə Azərbaycan nizamişünaslığında Nizami Gəncəvinin yeri və mövqeyi haqqında danışılır, böyük şairin yaradıcılığında türklüyə xüsusi rəğbətin elmi əsaslarla sübuta yetirilməsi tarixi-xronoloji ardıcıllıqla təhlil edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd