SİYASƏT
Daşkənddə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşanın azad edilməsi münasibətilə aksiya keçirilib
Daşkənd, 9 noyabr, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Dövlət Bayrağı Günü və Şuşanın azad edilməsi münasibətilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlət rəmzimiz, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımızın tarixi barədə danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın müasir Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması müstəqilliyimizə ən böyük töhfədir.
Samir Abbasov vurğulayıb ki, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirərək deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
Sonra qurbanlar kəsilib. Bildirilib ki, qurban payı Daşkənddə yaşayan imkansız ailələrə paylanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd