SİYASƏT


Daşkənddə Azərbaycanın Qələbəsi ilə bağlı bayram tədbiri keçirilib

Daşkənd, 12 noyabr, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə ölkəmizin Qələbəsi ilə bağlı bayram tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.

Əvvəlcə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin binası qarşısındakı abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Hüseyn Quliyev iştirakçıları Qələbə münasibətilə təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən ədalətli və şərəfli müharibədən danışıb, şəhərlərimizin azad olunması istiqamətində əsgərlərimizin şücaətindən söhbət açıb.

Diplomat deyib ki, ümumiyyətlə 300-dən artıq yaşayış məntəqəsi düşmən tapdağından azad olunub. Qədim Şuşa şəhərinin azad edilməsi isə ayrı bir qəhrəmanlıq salnaməsidir.

Hüseyn Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı haqqında da məlumat verib.

Azərbaycan və özbək sənətçilərinin ifa etdikləri musiqi sədaları altında bayram tədbiri bir neçə saat davam edib.

Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri qədim rəqslərimizi, İlham Abdullayev sazda el havalarını ifa edib.

İştirakçılar Azərbaycan Ordusunun möhtəşəm zəfəri, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyinin uğurlu nəticəsi olaraq Vətən torpaqlarının azad edilməsi münasibətilə bir-birlərinə təbriklərini çatdırıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.