MƏDƏNİYYƏT
Daşkənddə “Bahar çələngi” adlı incəsənət sərgisi açılıb VİDEO
Daşkənd, 5 mart, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Bahar çələngi” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMM-nin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) əməkdaşları, yerli azərbaycanlılar və özbək xalqının nümayəndələri, Daşkənddəki ali məktəblərin tələbə və müəllimləri, jurnalistlər iştirak ediblər.
Sərgidə Azərbaycan və Özbəkistanının mədəniyyət və incəsənətinə dair milli geyimlər, kəlağayılar, özbək ipəyinin şah əsəri sayılan adraslar, xalça və süzənələr, gəlinciklər, rəsmlər yer alıb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın özünəməxsus incəsənətinin, milli geyim mədəniyyətinin olduğunu qeyd edərək təşkil olunan sərginin qədim və zəngin mədəniyyətimizi, incəsənətimizi özündə əks etdirdiyini söyləyib.
Direktor sərginin xalqlarımızın çoxəsrlik maddi-mənəvi dəyərlərini və istedadını bir daha nümayiş etdirdiyini bildirib. O, AMM-nin milli geyimlərin təbliği və nümayişinə xüsusi önəm verdiyini və Daşkəndlə yanaşı ölkənin böyük şəhərlərində dəb sərgilərinin, defiləllərin təşkil olunduğunu vurğulayıb.
ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov mədəniyyətimizin çoxəsrlik və mürəkkəb bir inkişaf yolu qət etdiyini, nəsillərdən-nəsillərə ötürülən milli dəyərlərimizin, adət və ənənələrimizin, mədəni irsimizin tanıdılması və təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb. Natiq “Bahar çələngi” adlı sərgidə həm Azərbaycan, həm də Özbəkistan mədəniyyət və incəsənətinə aid gözəl sənət əsərlərinin nümayiş etdirildiyini söyləyərək sərgidə Özbəkistana aid milli geyimlərin tanınmış modelyer Nərgiz Qafurova tərəfindən hazırlandığını söyləyib.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Kövkəb Əliyeva adına Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim olunub.
Qeyd edək ki, “Bahar çələngi” adlı sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü və Bahar bayramına həsr olunub və martın 20-nə qədər Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd