CƏMİYYƏT


Daşkənddə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirdə Azərbaycan da təmsil olunub

Daşkənd, 24 fevral, AZƏRTAC

Banqladeşin Özbəkistandakı səfirliyi və UNESCO-nun Daşkənddəki nümayəndəliyinin təşəbbüsü ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xarici ölkələrin Özbəkistandakı səfirləri, digər diplomatlar, mədəniyyət mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirakçılar üçün əsas şərt öz ana dillərində bir şeir oxumaq və həmin şeirin ingilis dilində tərcüməsini Təşkilat Komitəsinə təqdim etmək olub.

Banqladeşin Özbəkistandakı səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışıb, UNESCO-nun dəstəyi ilə keçirilən Beynəlxalq Ana Dili Günü və bununla bağlı təşkil olunan tədbirlər barədə məlumat verib.

UNESCO-nun Özbəkistandakı ofisinin rəhbəri Dendev Badarç 1999-cu il noyabrın 17-də təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında məlumat verib.

Tədbirdə müxtəlif ölkələrin səfirləri ana dili haqqında fikirlərini bildirib və öz dillərində şeirlər səsləndiriblər.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və onun zənginliyi barədə danışıb, böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib. Çıxış alqışlarla qarşılanıb.

Qeyd edək ki, UNESCO-nun Özbəkistandakı nümayəndəliyi və Banqladeşin Daşkənddəki səfirliyinin layihəsi ilə çap olunan kitabda digər ölkələrin şairlərinin şeirləri ilə yanaşı, Azərbaycan bölməsində Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri də çap olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.