SİYASƏT
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə mərasim keçirilib
Daşkənd, 29 dekabr, AZƏRTAC
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə keçirilən tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət və incəsənət xadimləri, paytaxtda yaşayan soydaşlarımız, tələbələr, jurnalistlər iştirak ediblər.
Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi təşkil olunub. Sərgidə ölkəmizin tarixi abidələri, turizm imkanları, milli mədəni irsimizə dair fotoşəkillər nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, 2017-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırıldığını, Daşkənddə hər iki tərəfin iştirakı ilə “İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini, özbək jurnalistlər üçün Azərbaycana mediaturun təşkil edildiyini bildirib. Səfir ötən ildə Daşkənddə və Səmərqənddə iki dəfə “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistanın aparıcı universitetlərində Azərbaycan ocaqlarının yaradıldığını, xalqlarımız arasında dostluq münasibətlərinə, mədəni-ədəbi əlaqələrə dair çoxsaylı nəşrlərin, habelə sənədli filmin hazırlandığını qeyd edib. O, dövlət başçılarımız arasında yüksək səviyyədə olan dostluq əlaqələrinin bu münasibətlərin göstəricisi olduğunu vurğulayıb.
Həmrəylik günü münasibətilə ilin fəal azərbaycanlılarına - Səmərqənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyevə və azərbaycanlı tərcüməçi, müəllim Şərqiyyə Şıxəliyevaya mükafatlar təqdim edilib.
Sonra Özbəkistanın məşhur “Asl” musiqi qrupu, tanınmış müğənni Madina Mumtaz Azərbaycan və özbək musiqilərini ifa ediblər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd