MƏDƏNİYYƏT


Daşkənddə Heydər Əliyevin xatirəsinə həsr olunan “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert keçirilib

Daşkənd, 22 may, AZƏRTAC

Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, həmçinin Rusiyada yaşayan iş adamı Füzuli Məmmədov, xarici ölkələrin Özbəkistandakı səfirləri, digər diplomatlar, dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb, xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Ulu Öndərin həm Sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən söhbət açan səfir məhz Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və Ulu Öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb.

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə milli musiqilərimizi ifa ediblər.

Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Asəf Zeynallının “Ölkəm”, Rauf Hacıyevin “Azərbaycan”, Müslüm Maqomayevin “Ey əziz anam, Azərbaycan!”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri iştirakçıların alqışları ilə qarşılanıb.

İştirakçılar beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri xüsusi maraqla qarşılayıblar.

Əsərlər ifa edildikcə səhnədə quraşdırılmış ekranda ölkəmizin tarixi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan mədəniyyəti, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və müharibə nəticəsində mədəni irsimizə dəymiş ziyan və s. mövzularda videomateriallar nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.