ELM VƏ TƏHSİL
Daşkənddə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialı açılıb
Daşkənd, 9 dekabr, АZƏRTAC
Dekabrın 9-da Daşkənddə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) filialı açılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistanın Xarici işlər naziri Əbdüləziz Kamilov, MDBMİ-nin rektoru Anatoli Torkunov, ali məktəbin professor-müəllim heyəti, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Əbdüləziz Kamilov bildirib ki, Daşkənddə bu nüfuzlu ali məktəbin filialının açılması ilə bağlı 2018-ci ilin oktyabrında Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev saziş imzalayıblar. Çox qısa müddətdə filialın binası tikilib və müasir avadanlıqla təmin olunub.
Anatoli Torkunov deyib ki, bu, institutun xaricdə açılan ilk filialıdır. Bu ilin sentyabrında artıq instituta 88 tələbə qəbul edilib və Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin bazasında “Biznes-informatika” və “Hüquqşünaslıq” ixtisasları üzrə təhsil alıblar.
Rektor vurğulayıb ki, 2020-2021-ci tədris ilində tələbələr yeni binada “Beynəlxalq özəl hüquq”, “Hüquqşünaslıq”, “Sinxron tərcümənin nəzəriyyəsi və praktikası”, “Menecment” təhsil proqramları üzrə dərs keçəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd