SİYASƏT
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturunun altıncı konfransı keçirilir
Daşkənd, 31 oktyabr, AZƏRTAC
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antiterror Strukturunun “Terrorizmlə mübarizə-sərhədsiz əməkdaşlıq” adlı altıncı konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan ölkələr - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistan, həmçinin müşahidəçi və tərəfdaş ölkələrin nümayəndələri, ekspertlər iştirak edirlər.
Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru Yevgeni Sısoyev, təşkilatın baş katibi Rəşid Alimov, Özbəkistan xarici işlər nazirinin müavini Dilşod Axadov, Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Vladimir Voronkov və başqaları çıxış edərək təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıblar.
Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.
Konfrans öz işini davam etdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd