MƏDƏNİYYƏT


Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub

Daşkənd, 14 iyun, AZƏRTAC

Şairə və publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” özbək dilində şeirlər kitabının Daşkənddə təqdimatı keçirilib. Kitab Özbəkistan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “İstiqlal–nuri” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən təqdimat mərasimi çərçivəsində Sona Vəliyevanın dünyanın müxtəlif ölkələrində çap edilmiş kitabları və şeir disklərindən, habelə AMM-in son beş ildə Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair özbək dilində çap etdirdiyi 49 adda kitabdan ibarət sərgi də təşkil olunub.

Tədbirdə çıxış edən kitabxananın direktoru Zuxra Berdiyeva Nizami Gəncəvi və Əlişir Nəvai dövründən başlanan Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin müasir dövrdə uğurla davam etdiyini vurğulayıb. O, özbək oxucularına öz ana dillərində müasir Azərbaycan ədəbiyyatını oxumaq imkanı yaradan AMM-ə təşəkkür edib. Zuxra Berdiyeva “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabında yer alan Vətən, Azərbaycan, Qarabağ - yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlərin özbək oxucuları üçün maraqlı olacağını söyləyib.

Layihənin rəhbəri və kitaba “Ön söz”ün müəllifi - AMM-in direktoru Samir Abbasov iki xalq arasında ədəbi əlaqələrdən söz açıb, rəhbərlik etdiyi qurumun layihələri əsasında son illər bir çox Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərinin özbək dilinə tərcümə olunduğunu bildirib.

Sona Vəliyevanın yaradıcılığı, onun yeni şeirlər kitabı haqqında məlumat verən Samir Abbasov müəllifin daim azərbaycançılıq məfkurəsini təbliğ etdiyini diqqətə çatdırıb. Müasir Azərbaycan ədəbiyyatının nümayəndələri arasında öz yaradıcılıq üslubu ilə seçilən Sona Vəliyevanın şeirlərinin özbək oxucuları üçün maraqlı olacağına ümidvar olduğunu deyib.

Tanınmış ədəbiyyatşünas alim və tərcüməçilər Babaxan Şərif və Tahir Qahhar Sona Vəliyevanın yaradıcılığından danışaraq, kitabdakı əsərlərin zamanla səsləşdiyini və aktuallığını vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan ədəbi mühiti hər zaman öz zənginliyi ilə seçilib, iki xalqın ədəbiyyatı bir-birindən faydalanaraq inkişaf edib. Müstəqillik dövrü Azərbaycan poeziyasının özbək oxucuları üçün də xüsusi maraq kəsb etdiyini bildirən alimlər azərbaycanlı şairənin kitabını yüksək dəyərləndiriblər.

Tədbirdə Əkbər Qoşalı, Fərid Hüseyn Azərbaycan-özbək ədəbi əlaqələri, şairə, publisist Sona Vəliyevanın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, şairənin Türkiyə, İran, Rusiya, Qazaxıstan və başqa ölkələrdə çap edilən əsərləri ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi - tərcümə şöbəsinin müdiri Atxam Alimbekov, Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova yerli oxucuların Azərbaycan ədəbiyyatı ilə tanış olmasında AMM-in fəaliyyətini vurğulayıblar.

Kitabı orijinaldan özbək dilinə çevirən şairə və tərcüməçi Şəhla Qasımova Azərbaycan ədəbiyyatına böyük maraq və sevgisinin olduğunu qeyd edib. O, Sona Vəliyevanın əsərlərini oxuyarkən Azərbaycan tarixinin və müasir dövrünün, Qarabağda qanlı hadisələrin, Xocalı soyqırımının, azərbaycanlı köçkünlərin həyatının göz önündə canlandığını və şair ürəyinin çırpıntılarının duyulduğunu söyləyib. Şəhla Qasımova layihəyə dəstək verən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.