MƏDƏNİYYƏT


Daşkənddə “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Daşkənd, 14 fevral, AZƏRTAC

Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Elm və Tədqiqatlar Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının və Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova çıxış edərək burada müxtəlif tədbirlərin keçirildiyini bildirib, hələ sovet dövründə “Sovetskaya Turkologiya” adı ilə çap olunan jurnalın tarixindən danışıb.

Universitetin kafedra müdiri, professor Nurbay Cabborov, professorlar Baxtiyar Abduşukurov, Uzak Curakulov, Dilnəvaz Yusupova və başqaları bildiriblər ki, jurnal təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə, tarix kimi sahələri əhatə edir.

Sonra onlar kitabın əhəmiyyətindən danışıblar.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2016-cı ildə akademik Kamal Abdullayev “Türkologiya” jurnalına baş redaktor təyin edildikdən sonra nəşrin populyarlaşdırılması istiqamətində böyük işlər görülüb və beynəlxalq indekslərə daxil edilib.

E.İbrahimov türk dünyasının ortaq dil və ortaq əlifba problemi ilə bağlı fikrilərini də bölüşüb.

Sonra o, jurnal və kitabın bir neçə sayını mərkəzə hədiyyə edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.