QAN YADDAŞI
Daşkənddə Xocalı faciəsindən bəhs edən “Mələklərin soyqırımı” adlı poema Azərbaycan və özbək dillərində çap olunub
Daşkənd, 26 fevral, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycan şairi, mərhum Oqtay İsmayıllının “Mələklərin soyqırımı” adlı əsəri Azərbaycan və özbək dillərində işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, əsəri özbək dilinə Raxmat Babacan çevirib.
Poemada tarixən Azərbaycana, türklərə qarşı ermənilərin nifrət aşılaması, tarixi Azərbaycan torpaqlarına iddiaları, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin erməni təcavüzkarları tərəfindən yer üzündən silinməsi, Xocalının dinc sakinlərinın, uşaqların, qocaların, qadınların amansızlıqla məhv edilməsi öz əksini tapıb.
Əsərdə Xocalı soyqırımının bütün dəhşətləri erməni millətçiləri tərəfindən insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim edilir, bu soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanır.
Qeyd edək ki, bu poema Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı müsabiqənin qalibi seçilərək xüsusi mükafata layiq görülüb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitaba yazdığı “Ön söz”də bildirir ki, “Mələklərin soyqırımı” poeması erməni işğalını, xalqımıza qarşı tarixən törədilən qanlı qətliamları poeziyanın dili ilə insanlığa qarşı olan soyqırımı kimi dəyərləndirir.
S. Abbasov müəllifin Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda əlləri məsum insanların qanına batan, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun öz cəzasına çatmasını, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görmədiyini təəssüflə qeyd edir.
O, müəllifin arzusunu nəzərə alaraq nəşrin gələcəkdə işğaldan azad olunan Qarabağda təqdimatının keçiriləcəyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd