MƏDƏNİYYƏT
Daşkənddə beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib
Daşkənd, 12 fevral, АZƏRTAC
Daşkənddə keçirilən “Əlişir Nəvainin ədəbi və elmi irsinin öyrədilməsi məsələləri” adlı konfransda Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin “Əlişir Nəvainin əsərlərinin Azərbaycanda öyrədilməsi məsələləri” məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, konfransda azərbaycanlı alim görkəmli ədibin dünya ədəbiyyatındakı yeri və rolu haqqında da danışıb.
Alim deyib ki, Əlişir Nəvai “Xəmsə”sini yazmağa başlayarkən böyük Nizami Gəncəvini öz müəllimi hesab edib. Əlişir Nəvaidən əvvəl “Xəmsə” yazan şairlərin hamısı öz əsərlərini fars dilində yazıb. Əlişir Nəvai isə ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yaradan şair kimi düşüb.
Qeyd edək ki, konfransa ölkəmizlə yanaşı, Türkiyə, Hindistan, Qazaxıstan, Pakistan və Tacikistandan olan nəvaişünas alimlər də qatılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd