İQTİSADİYYAT


Daşkənddə beynəlxalq multimodal marşrutunun inkişafına dair müzakirələr aparılıb

Daşkənd, 21 dekabr, АZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq multimodal marşrutunun inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub.

Dəhlizin əhəmiyyətindən danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov onun iştirakçı ölkələrə fayda gətirəcəyini bildirib.

Çıxışlardan sonra iştirakçı ölkələr arasında çoxtərəfli və ikitərəfli qaydada Protokollar imzalanıb.

İclas çərçivəsində Azərbaycanla Özbəkistan dəmir yolları qurumlarının rəhbərləri arasında görüş keçirilib. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, eləcə də tranzit yüklərinin həcminin artırılması müzakirə olunub.

Görüşdə, həmçinin bildirilib ki, Azərbaycanla Özbəkistan arasındakı yük dövriyyəsi cari ilin yanvar-noyabr aylarında 127 min ton təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,1 min ton çoxdur. Tərəflər yük həcminin qarşılıqlı artırılması və bu marşrutun inkişafına yönəlmiş tədbirlərin təşkilinə dair razılığa gəliblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.